ELM VƏ TƏHSİL
Koreya təhsil standartları əsasında yaradılan yeni peşə təhsil müəssisinə infotur YENİLƏNİB
Bakı, 19 sentyabr, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan yeni peşə təhsili müəssisəsinə infotur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, infoturda media nümayəndələri və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
İnfoturun məqsədi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılan yeni Peşə Təhsil Mərkəzi barədə media nümayəndələrinə məlumat verməkdir.
İnfotur iştirakçıları mərkəzin dərs otaqları və emalatxanalarla tanış olublar.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov məlumat verib ki, yeni Peşə Təhsil Mərkəzi ən müasir maddi-texniki avadanlıqlarla təchiz olunub. Mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə kadr hazırlanması nəzərdə tutulur. Tələbələrin bu ixtisaslar üzrə 1 və 3 illik təhsil alması üçün bütün lazımi imkanlar yaradılıb. Məşğulluğun artırılması məqsədilə qısa müddətli ixtisasartırma kurslarının da təşkil olunması nəzərdə tutulur.
Rəşad Xanlarov diqqətə çatdırıb ki, təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılıb. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində koreyalı ekspertlər tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Proqramda 60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb. Mərkəzdə tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər üçün 3 ay müddətində Koreyada təlimlər keçirilib. Mərkəzin başlıca məqsədi sənaye ehtiyaclarını ödəmək qabiliyyətinə malik rəqabətli kadr hazırlamaqdır.
Direktor vurğulayıb ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən Mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company” və “Cahan Motors” kimi qabaqcıl müəssisələrlə əməkdaşlığa başlayıb.
Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə qeyd olunan şirkətlər tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə 8 fərqli ixtisas üzrə - torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası və avtomatika üzrə usta 1 illik proqramlarda təhsil almaq mümkündür.