CƏMİYYƏT
“Koronavirus infeksiyasının pandemiyası: diaqnostika, müalicə və ağırlaşma halları” mövzusunda konfrans keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
Bakıda “Koronavirus infeksiyasının pandemiyası: diaqnostika, müalicə və ağırlaşma halları” mövzusunda ikinci Avrasiya konfransı keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, xarici ölkələrdən mütəxəssislər də iştirak ediblər.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın əvvəlində Səhiyyə Nazirliyi, TƏBİB və ÜST-nin yerli ofisinin nümayəndələri açılış nitqi ilə çıxış ediblər. Elmi toplantıda Azərbaycan Tibb Universiteti, İsrail, Qazaxıstan, Rusiya, Moldovanın tibb üzrə ali təhsil müəssisələrinin rəhbərlərinin, tanınmış professorların koronavirus infeksiyası ilə bağlı müxtəlif mövzularda məruzələri dinlənilib.
Beynəlxalq konfransda Azərbaycan Tibb Universitetinin əməkdaşları - professor Rafiq Çobanov “COVID-19-la mübarizədə aparılan karantin tədbirlərinin əhalinin sağlamlığına təsiri”, professor Nərgiz Hüseynova “COVID-19-un bağırsaq formasının orqanizmin immun vəziyyətinə təsiri”, Həyat Əliyeva “COVID-ə yoluxan pasiyentlərdə helikobakteriozun öyrənilməsi” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər.
Konfrans zamanı həmçinin SARS-CoV-2 infeksiyasına yoluxmadan sonrakı dövrdə anticisimlərin səviyyəsi, KT zamanı döş qəfəsində iltihabın diaqnostikasının meyarları, COVID xəstələrində bakterial koinfeksiyalar, uzunmüddətli COVID pasiyentlərinin izlənməsi, virusun yeni ştamları ilə bağlı məlum faktlar ətrafında müzakirələr aparılıb.