DÜNYA
Koronavirus pandemiyası İtaliyada əhalinin sayına mənfi təsir göstərib
Roma, 3 may, AZƏRTAC
Koronavirus pandemiyasının mənfi təsirləri nəticəsində ötən il İtaliyada demoqrafik vəziyyət məyusedici olub və əhalinin sayı azalıb. Doğum hallarının azalması, COVID-19 xəstəliyi ilə əlaqədar ölüm halları və gənclərin emiqrasiyası nəticəsində əhalinin sayı 60 milyon nəfərdən aşağı düşərək 59,25 milyon nəfər olub.
AZƏRTAC xəbər verir ki, İtaliya Statistika İdarəsinin (İstat) məlumatına əsasən, 2020-ci il ərzində ölkə əhalisinin sayı 384 min nəfər azalıb. Ötən il İtaliyanın vahid dövlət şəklində birləşdirildiyi 1861-ci ildən bəri ən aşağı doğum statistikası da qeydə alınıb. Doğum hallarının sayı 2019-cu illə müqayisədə 16 min azalaraq 404104-ə düşüb. Bu göstərici 2008-ci illə müqayisədə 34 faiz geriləmə deməkdir.
Ötən il ölkədə 746146 ölüm halı qeydə alınıb, 2019-cu illə müqayisədə ölüm halları 112 min nəfər və ya 17,6 faiz artıb. 2020-ci ilin fevral ayından bəri İtaliyada koronavirusla əlaqədar ölüm hallarının sayı isə 121 min nəfərə çatıb. İndiyədək virusa yoluxanların sayı isə dörd milyon nəfərdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma