REGİONLAR
“Koronavirus pandemiyası dövründə məişət zorakılığı ilə mübarizə” mövzusunda videokonfrans keçirilib
Cəlilabad, 4 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 4-də Ombudsmanın Gəncə və Cəlilabad regional mərkəzlərinin və Samux Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ağstafa, Şəmkir, Yevlax, Ağcabədi, Ağdam, Neftçala, Ucar, Lerik, Yardımlı, Astara, Cəlilabad, Masallı, Salyan, Sabirabad, Ağsu, Tərtər, Şəki və Xızı rayonlarında (ümumilikdə 19 rayon) fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin iştirakı ilə ölkəmizdə keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində “Koronavirus pandemiyası dövründə məişət zorakılığı ilə mübarizə” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd olunduğunu, bu əlamətdar tarixlə əlaqədar olaraq, insan hüquqları sahəsində ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan olunduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus pandemiyası ailədaxili münaqişələrin, məişət zorakılığı hallarının da artmasına səbəb olub. Bu səbəbdən bir sıra beynəlxalq təşkilatlar, BMT-nin Baş katibi pandemiya dövründə məişət zorakılığının qarşısının alınması istiqamətində üzv dövlətləri daha geniş fəaliyyətə çağırıb.
S.Abbasov çıxışında ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək üçün Azərbaycan Ombudsman təsisatının geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiyini, hər il bu mövzuda müxtəlif kateqoriyadan olan əhalinin iştirakı ilə mərkəzi və yerli dövlət qurumları ilə birgə tədbirlərin təşkil edildiyini, bu istiqamətdə 25 noyabr - 10 dekabr tarixləri arasında hər il 16 gün ərzində davam edən gender əsaslı zorakılıqla mübarizə kampaniyası zamanı ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin reallaşdırıldığını vurğulayıb.
Videokonfransda, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları barədə iştirakçılara ətraflı məlumat verilib.
Onlayn tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov ölkəmizdə məişət zorakılığına səbəb olan halların Ombudsman təsisatı tərəfindən aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə maarifləndirmə tədbirlərinin təşkilinin zəruri olduğunu bildirib. Eyni zamanda, Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən də Mərkəzin əhatə etdiyi rayonlarda geniş maarifləndirmə tədbirləri müntəzəm olaraq təşkil edilir.
Z.İsmayılov çıxışında məişət zorakılığı ilə mübarizədə ölkəmizin bütün rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin potensiallarından da istifadə edilməsinin səmərəli nəticələr verə biləcəyini qeyd edib.
O, tədbir iştirakçılarına məişət zorakılığının mənfi mənəvi və sosial, hüquqi təzahürləri barədə ətraflı məlumat verib.