İQTİSADİYYAT
“Kredit büroları haqqında” yeni qanun layihəsi müzakirə edilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit büroları haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən təqdim edilib. Bu gün maliyyə-kredit sisteminin təkmilləşdirilməsinin başlıca prioritetlərdən olduğunu vurğulayan Z.Səmədzadə deyib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.
Komitə sədri bildirib ki, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
Qeyd edilib ki, qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır.
Daha sonra qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Deputatlar bu sənədin qəbulunun vacibliyini qeyd ediblər.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qeyd edib ki, Azərbaycanda maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti ilə bağlı hazırlanan qanun layihəsi artıq hökumət səviyyəsində müzakirə olunur. Qanun layihəsinin vacibliyindən danışan R.Aslanlı bildirib ki, qarşıda duran əsas məsələ maliyyə inklüzivliyini, hər bir insanın və iş adamının maliyyə xidmətinə sərbəst qaydada çıxışını təmin etməkdir.
Direktorlar Şurasının sədri qeyd edib ki, Azərbaycanda qorunan bank əmanətləri üzrə kompensasiya ödənişlərinin hər bir halda öz valyutasında həyata keçirilməsi ilə bağlı məsələ hökumətdə müzakirə olunur. Hazırda əgər bir şəxsin bankda bir neçə valyutada qorunan əmanəti varsa, o zaman toplam kompensasiya milli valyutada ödənilir.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.