İDMAN
Kristi Vey: Bakıda Avropa çempionatının təşkilat səviyyəsi heyrətamizdir
Bakı, 16 aprel, AZƏRTAC
İnana bilmirəm ki, Avropa çempionu olmuşam. Bu, heyrətamiz hissdir. Hələ də şokdayam. Final inanılmaz oldu. Üç il əvvəl yıxılmışdım və əvvəlki formama qayıda bilmirdim. Mən bu qələbəyə doğru uzun yol qət etmişəm. Odur ki, sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Bu, Avropa çempionatında mənim ilk medalımdır və özü də qızıldır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ikili mini-batut növü üzrə qalibi Kristi Vey söyləyib. O, yarışlarda 71,500 bal toplayıb.
Böyük britaniyalı gimnast deyib ki, Bakıda Avropa çempionatının təşkilat səviyyəsi heyrətamizdir. O deyib: “Turnir elə mükəmməl təşkil edilib ki, sadəcə deməyə söz tapa bilmirəm. Şadam ki, Bakıya gəlmişəm. Burada çıxış etmək çox xoşuma gəldi. Xüsusən də ona görə ki, tamaşaçılar hər bir idmançının çıxışını dəstəkləyirlər. Bu da yarışlarda çox səmimi ab-hava yaradır. Şadam ki, Avropa çempionu titulunu məhz Bakıda qazandım”.
Kristi Vey tamblinq üzrə Avropa çempionu olmuş Azərbaycan gimnastı Mixail Malkini qələbə münasibətilə təbrik edib.