CƏMİYYƏT
Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
Bakı, 28 iyul, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 min 900 ABŞ dollarının qeyri-qanuni yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Yekaterinburq aviareysi ilə Rusiya Federasiyasına getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə saxlanılaraq şəxsi yoxlamaya dəvət olunub. Qanunvericiliyə uyğun olaraq həyata keçirilən şəxsi yoxlama zamanı onun üzərindən əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və ya yazılı formada bəyan edilməyən 18 min 600 ABŞ dolları aşkar edilib.
Bakı-Dubay aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn digər Azərbaycan Respublikası vətəndaşı isə şifahi formada bəyan etdiyi 10 min ABŞ dollarından başqa üzərində xarici valyutanın və ya digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üzərindən 19 min 300 ABŞ dolları aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.