REGİONLAR
Kümçülər baramaçılıqdan yüksək gəlir əldə edirlər FOTO VİDEO
İmişli, 17 iyun, Aydın Yavər, AZƏRTAC
İmişli rayonunda barama tədarükü davam edir. Ötən illər ərzində baramaçılıq sahəsində təcrübə toplayan rayon sakinləri bu il də yüksək qazanc əldə edirlər. Belə kümçülərdən biri də rayonun Göbəktala kənd sakini Ələddin Abbasovdur.
AZƏRTAC xəbər verir ki, Ələddin Abbasov dörd ildir bu işlə məşğuldur. Baramadan yaxşı gəlir götürən kümçü bu il 90 qram ipəkqurdu toxumu bəsləyib. Hədəfi isə 240 kiloqram yaş barama təhvil verməkdir.
Onun sözlərinə görə, dövlət tərəfindən baramaçılığın inkişafına göstərilən diqqət insanların marağının artmasına səbəb olub. Toxumların kümçülərə yerlərdə pulsuz paylanması, tut tinglərinin əkilməsi baramaçılığa marağı daha da artırıb. Qırx gün çəkilən əziyyətin qarşılığında isə hər kiloqrama 9 manat gəlir götürülür.
Baramadan yaxşı gəlir götürən digər kümçü isə Famil Əhmədovdur. O, baramaçılığın qısa zamanda yaxşı gəlir qazandırdığını deyir. Ötən illər baramadan kifayət qədər gəlir əldə edən təsərrüfat sahibi bu il daha çox toxum götürdüyünü söyləyir. Kümçü cari mövsüm 200 kiloqramdan çox məsul təhvil verəcəyini bildirir.
İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayon üzrə 170 kümçüyə 420 qutu olmaqla, 7 kiloqram 980 qram ipəkqurdu toxumu paylanılıb. Bu günə qədər 7 ton 213 kiloqram məhsul yığılıb və hazırda tədarük davam edir.