CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 23 santimetr azalıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 150-230, Lənkəran-Astara bölgəsi çaylarında 60-65, Naxçıvan Muxtar Respublikası çaylarında isə 140 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 109 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 137 kubmetr təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 18,5 kubmetr olmaqla ongünlük normanın 19 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 96 kubmetr təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Oktyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 18 santimetr azalma qeydə alınıb. Lakin Salyanda 8, Bankə məntəqəsində isə 20 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 (2016-cı il oktyabrın 02-də 498 sm), Şirvanda 259, Salyanda 205 (2016-cı il oktyabrın 02-də 340sm), Bankədə 205 (2016-cı il oktyabrın 02-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 santimetr (2016-cı il oktyabrın 02-də 214 sm) təşkil edir.