REGİONLAR
Kürdəmir sakinlərinin tibbi müayinəsi yüksək səviyyədə təşkil olunub
Kürdəmir, 2 mart, AZƏRTAC
Kürdəmir rayonunda sakinlərin kütləvi tibbi müayinə aksiyası davam edir.
Mərkəzi rayon xəstəxanasından AZƏRTAC-ın müxbirinə bildirilib ki, əvvəlcədən tərtib olunan qrafikə əsasən bölgə üzrə 62 yaşayış məntəqəsindən 115 min nəfərdən artıq sakin tibbi müayinədən keçirilməlidir. İndiyədək 24,4 min nəfərin hərtərəfli tibbi müayinəsi aparılıb. Müayinə edilənlərdən 2,3 min nəfər ambulator, 75 nəfər stasionar müalicəyə cəlb edilib, 2 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha ciddi yoxlanılmaq üçün 30 nəfər paytaxtın ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.
Profilaktik tibbi müayinələr mərkəzi rayon xəstəxanasında, poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, habelə Sığırlı, Xəlsə, Yenikənd, Qarasaqqal, Topalhəsənli, Şilyan kənd həkim məntəqələrində aparılır. İxtisaslı həkimlərdən təşkil olunan səyyar briqada qrafikə uyğun olaraq hər gün yerlərdə olur, səhiyyə müəssisəsinə gedə bilməyən əlil və ahılları evlərində müayinə edirlər.
Sakinlər bütün rayonu əhatə edən humanist aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Mərkəzi rayon xəstəxanasına tibbi müayinəyə gələn 65 yaşlı Kürdəmir şəhər sakini Bahadur Mustafayev AZƏRTAC-ın müxbirinə deyib: “Artıq ənənəyə çevrilən bu gözəl təşəbbüs - insanların tibbi müayinəsi ölkə Prezidentinin vətəndaşların sağlamlığına göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür. Sağlamlıq isə insan həyatının ən qiymətli nemətidir. Onu biz sakinlərə bəxş edən həkim və tibb işçiləri hər cür hörmət və ehtirama layiqdir”.