REGİONLAR
Kürdəmirdə əkin sahələrinin suvarılması davam edir, suvarma kanalları lildən təmizlənir VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Kürdəmirdə əkin sahələrinin suvarılması davam edir, suvarma kanalları lildən təmizlənir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kürdəmir rayonunda suvarılmanın mütəşəkkil aparılması və su istifadəçilərini suvarma suyu ilə tam təmin etmək məqsədi ilə Kürdəmir Suvarma Sistemləri idarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir. Bunun üçün 2022-ci ildə xidməti ərazidə olan rayonun 58 kənd və 3 qəsəbəsinin 69526 hektar suvarılan ərazisindəki kənd təsərrüfatı əkinlərinin və həyətyanı sahələrinin suvarılması nəzərdə tutulub. Rayonda suvarma öz axını və mexaniki üsulla aparılır. Əkin sahələrinin vaxtında suvarılması üçün hazırda suvarma kanallarında lildən təmizləmə işləri davam edir. İdarənin balansında olan kanallar bir-neçə istiqamətdə lildən təmizlənir.
Hazırda Kürdəmir rayonu əkin sahələrinin suvarılmasında qızğın dövrünü yaşayır. Fermerlər əkdikləri məhsulun bəhrəsini görmək üçün aqrotexniki qulluqla yanaşı vaxtlı-vaxtında suvarmanı da aparmalıdır.
Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 14 sayda Sudan İstifadəedənlər birlikləri fəaliyyət göstərir ki, bu da bütün suvarılan sahələri əhatə edir. Cari ildə ayrı-ayrı birliklər üzrə suvarma planları və suvarılan sahələrin planları tərtib olunub. Bu il suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi qrafiki tərtib olunub və kanallar üzərində yerləşən hidrotexniki qurğuların təmiri üzrə təqvim planı hazırlanıb. İdarə tərəfindən bu il də torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulur. Çünki beton üzlüklü kanallar isə su itkisini minimuma endirir.
Qeyd edək ki, cari ildə Kürdəmir Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 44 min hektardan artıq taxıl, 2330 hektar pambıq, 4677 hektar bostan-tərəvəz və 8900 hektar yem bitkiləri əkilib. Bundan başqa 2620 hektar bağ və üzümlük, 6925 hektar isə həyətyanı sahələrdir.