REGİONLAR
Kürdəmirdə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb VİDEO
Kürdəmir, 17 yanvar, AZƏRTAC
Kürdəmirdə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oğurluq hadisəsi rayonun Mollakənd kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri Quliyev Rövşən Siyavuş oğlu və Əkbərova Yaxşı Mərfəddin qızı rayon polis şöbəsinə müraciət edərək onlara məxsus, ümumilikdə, 10 baş qoyunun oğurlandığı barədə məlumat veriblər.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluqları törədənlər onların həmkəndliləri, əvvəllər məhkum olunan Heydərov İlqar Eldar oğlu və Qəmbərli Elmir Ənvər oğludur. Onlar oğurluğu irəlicədən əlbir olaraq törədiblər. Hər iki saxlanılan şəxs ilkin dindirmə zamanı etdikləri oğurluq əməlini etiraf ediblər. Onlar oğurladıqları qoyunları Bakı şəhərinə apararaq ayrı-ayrı qəssablara satıblar.
Faktla bağlı araşdırma aparılır.