CƏMİYYƏT
Küveytdə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar bir araya gəlib
Bakı, 31 dekabr, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi və bu ölkədə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əl-Küveyt şəhərində yerləşən “Costa Del Sol” mehmanxanasında təşkil olunan bayram tədbirində bu ölkədə yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri iştirakı ediblər.
Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunub.
Eyni zamanda, “Vətənsevər Dostluq Cəmiyyəti"nin sədri Könül Hacıyeva çıxış edərək Küveytdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçılarına həmrəylik gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı ümummilli lider Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.
Vurğulanıb ki, həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Tədbir bayram ziyafəti ilə davam edib.