RƏSMİ XRONİKA
LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN BƏYANATI
Xanımlar və cənablar!
Bu gün Riqada yeni bir tarixi hadisə baş verir. Mən şadam ki, Azərbaycan Prezidentinin tarixi əhəmiyyət daşıyan ilk dövlət səfəri çərçivəsində cənab İlham Əliyevi burada salamlayıram. Bu, Latviya Prezidentinin ötən il Azərbaycana etdiyi rəsmi səfərinə cavab səfəridir. Ona görə biz ölkələrimiz arasında, həqiqətən, gözəl münasibətlərin olmasını təsdiq edə bilərik. Münasibətlərimizin intensivliyi ildən-ilə artır və hətta deyə bilərəm ki, aydan-aya inkişaf etməkdə davam edir. Azərbaycana səfərimiz zamanı biz geostrateji əhəmiyyətə malik olan dövlət ilə əməkdaşlıq haqqında bir sıra mühüm sazişlər imzalamışıq. Bu gün isə, daha altı sənəd imzalandı və bir neçəsi də hazırlıq mərhələsindədir. Bu gün artıq biz iki ölkə arasında əməkdaşlıq üçün tam və geniş şəkildə hüquqi bazanın olmasından danışa bilərik. Biz Azərbaycanda sürətli iqtisadi inkişafı və gələcək nəsillər barədə düşünülməsini və müdrik qərarların qəbul edilməsini görməkdən çox məmnunuq. Bu gün həmin ölkənin malik olduğu nəinki təbii sərvətlərdən, həm də bu sərvətlərdən gələn gəlirlərdən sonrakı nəsillər üçün istifadə olunmasına kömək edəcək fond yaradılmışdır. Mən ölkələrimiz arasında dostluq əlaqələrinin olmasından çox məmnunam və şadam ki, bu cür qısa müddət ərzində biz həm siyasi, həm iqtisadi sahədə yaxınlaşmağa başladıq. Ticarət dövriyyəmiz iki dəfə artdı və fikrimcə, biz gələcəyə daha böyük nikbinliklə baxa bilərik.
Cənab Prezident, indi isə, sözü Sizə verirəm.