DÜNYA
LOS-ANCELESİN CƏNUB MƏHƏLLƏSİ ABŞ-IN QANQSTER PAYTAXTIDIR
AZƏRTAC “Teleqraf” qəzetinin saytına istinadla xəbər verir ki, Los-Ancelesin cənubunda yerləşən Kompton rayonu polisinin məlumatına görə, burada ötən il ərzində 80 adam qətlə yetirilmişdir. Cinayətlərin əksəriyyətini küçə qanqster dəstələri törətmişlər. Beləliklə, bu yer Birləşmiş Ştatların ən çox kriminallaşmış rayonu adına namizəd ola bilər.
Statistika məlumatında deyilir ki, keçən il Komptonda cinayətkarlığın səviyyəsi son 10 ildə maksimum həddə çatmışdır. Los-Ancelesdə Milad bayramı günlərində ənənəvi olaraq keçirilən “silah müqabilində hədiyyələr” tədbiri zamanı Komptonda 610 silah toplanmış və bununla da həmin rayon 2005-ci ildə də rekord vurmuşdur.
Kompton polisi qanqsterlərin fəaliyyəti üzrə təhqiqatları iki dəfə artırmış, habelə rayon polis departamentinə qətllər sahəsində ixtisaslaşmış yeni detektivlər cəlb edilməsinə nail olmuşdur. Lakin polis rəisinin fikrincə, rayonda cinayətkarlığın qarşısını almaq üçün bu da azdır.