REGİONLAR
Laçın obalarında suvarma suyunun verilişi yaxşılaşdırılıb VİDEO
Bakı, 12 sentyabr, AZƏRTAC
1990-cı ildə Ağcabədi rayonu ərazisində yaradılan Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədlə idarə tərəfindən hər il mütəmadi olaraq meliorativ tədbirlər davam edir. Suvarmaya yararlı sahələr 18510 hektardır. Onun 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, rayon Qar-Qar çay və Kür çayları əhatəsində yerləşir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir. Suyun maneəsiz axınını təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütəmadi olaraq lildən təmizləmə işləri aparılır.
Laçın Suvarma Sistemləri İdarəsinin balansında kollektor-dren şəbəkələri də mövcuddur. İlkin suyığıcı kanallar 10 kilometrə yaxın, qapalı drenlər isə 10 kilometrdən uzundur. Ümumilikdə, rayon üzrə suvarma kanallarının uzunluğu 349 kilometrdir. Bunun 18,7 kilometri beton, 4 kilometri boru, 326 kilometri isə torpaq kanaldır. Suvarma kanalları üzərində 125 ədəd hidrotexniki qurğu, 89 ədəd suayrıcılar mövcuddur.
Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsinin balansında 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vasitəsi ilə 53700 kubmetr su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib.