REGİONLAR
Lahıc qəsəbəsində icma və sənətkarlıq evləri açılıb
İsmayıllı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Kənd İnvestisiya layihəsi çərçivəsində İsmayıllı rayonunun Lahıc qəsəbəsində icma və sənətkarlıq evləri istifadəyə verilib.
İkimərtəbəli binanın açılış mərasimində respublikamızın müxtəlif guşələrində yaşayan lahıclı ziyalılar və yerli əhali iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Lahıc icmasının sədri Rövşən Əliyev, İkinci Kənd İnvestisiya layihəsinin direktoru Sübhan Əsgərov çıxış edərək, icma və sənətkarlıq evlərinin qəsəbə üçün əhəmiyyətindən, Lahıc icması üzvlərinin layihənin icrasında fəal iştirakından, rayon icra hakimiyyəti rəhbərliyinin dəstəyindən danışıblar.
Professor Şakir Bədəlov, İsmayıllı Regional Mədəniyyət və Turizm Mərkəzinin direktoru Elnur Hüseynov, professor Rüstəm Məmmədov, qəsəbə ağsaqqalı Hüseynağa Kamilzadə layihənin icraçılarına təşəkkürlərini bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında Prezident İlham Əliyevin bu yaxınlarda Lahıca dair imzaladığı sərəncamların əhəmiyyətinə toxunub, buna görə qəsəbə əhalisi adından dövlətimizin başçısına bir daha minnətdarlığını bildirib. Vurğulanıb ki, sərəncamların icrası Lahıc qəsəbəsinin və onun ətrafındakı kəndlərin sürətli inkişafını təmin edəcək, sosial problemlər uğurla həll olunacaq. M.Sadıqov, həmçinin qeyd edib ki, istifadəyə verilən icma və sənətkarlıq evləri Lahıcın sosial-mədəni, ideoloji-siyasi həyatında önəmli rol oynamaqla, qəsəbənin turizm imkanlarını genişləndirəcək.
Açılış mərasimində Prezident İlham Əliyevə müraciət qəbul olunub.