DÜNYA
Latviya Dünya Bankının insan kapitalı indeksində 35-ci yerdədir
Riqa, 12 oktyabr, AZƏRTAC
Dünya Bankının insan kapitalı indeksində Latviya 157 ölkə arasında 35-ci yeri tutub.
AZƏRTAC xəbər verir ki, səhiyyə, təhsil və həyat tərzi sahələrində meyarlara əsaslanan reytinqlər Dünya Bankına üzv olan 157 ölkənin vətəndaşları üçün gələcək məhsuldarlığı və gəlir potensialını dəyərləndirir. Bu dəyərləndirmə sıfırdan yüzədək şkala üzərində aparılır.
Sonuncu insan kapitalı indeksinin hazırkı liderləri Sinqapur, Cənubi Koreya və Yaponiyadır. Şimali Avropa və Baltiya ölkələri arasında yüksək ballara Finlandiya (ümumi hesabda 5-ci yer), İsveç (8), Danimarka (17), Norveç (18), Estoniya (29), İslandiya (33), Latviya (35) və Litva (37) layiq görülüblər. Nigeriya, Cənubi Sudan və Çada ən aşağı qiymətlər verilib.
Başqa ölkələrlə müqayisədə Latviyanın insan kapitalı indeksi Avropa və Mərkəzi Asiya üzrə orta həddən yuxarı, digər yüksəkgəlirli ölkələrin orta göstəricilərindən isə aşağıdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa