İQTİSADİYYAT
“Legion Financial” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunacaq

Bakı, 8 iyun, AZƏRTAC
İyunun 12-də Bakı Fond Birjasında (BFB) “Legion Financial” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 500 ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 15 faiz, tədavül müddəti 1800 təqvim günüdür. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Qeyd edək ki, iyunun 5-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə BFB-nin LMP iştirakçısı olan “Legion Financial” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.