ELM VƏ TƏHSİL
Lənkəranda “Folklor və musiqi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Lənkəran, 28 fevral (AZƏRTAC). Fevralın 28-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Folklor və musiqi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Lənkəran Dövlət Humanitar Kollecinin (LDHK) təşkilatçılığı ilə keçirilən tədbirdə kollecin müəllim və tələbələri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Konfransda LDHK-nın direktoru Şaban Şəfiyev bildirmişdir ki, tədbirin əsas məqsədi təhsil müəssisəsinin müəllim və tələbələrini müzakirə edilən məsələ ilə bağlı elmi araşdırmalara cəlb etməkdir.
Kollecin musiqi müəllimi, bəstəkar Zəminə Əliyeva “Folklor nümunələrinin tərbiyəvi əhəmiyyəti” mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur ki, xalqımızın əsrlərdən bəri yaratdığı və qoruyub saxladığı folklor nümunələri xalqın istək və arzularını, gələcəyə ümidini, tarixə münasibətini, insan və zaman haqqında dünyagörüşünü yüksək şəkildə ifadə edir. Məhz buna görə də qədim folklor nümunələri heç vaxt yaddaşlardan silinməyir, xalqın tarixi və mənəvi təcrübəsinin ümumiləşmiş inikası kimi daim yaşayır. Folklor xalqın tarixi təcrübəsinin topladığı bədii yaddaşı, onun həyata baxışı və nikbin münasibətinin təzahür formalarından biridir. Bildirilmişdir ki, Cənub bölgəsinin özünəməxsus folklor nümunələri vardır. Bu gün el şənliklərində ifa olunan folklor nümunələrində şeirlə musiqi vəhdət təşkil edərək biri digərini tamamlayır. Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən “Nənələr”, Astara rayonunun Kakalos kənd mədəniyyət evinin “Əvəsor”, Masallı rayonunun Mahmudavar kənd mədəniyyət evinin “Halay” folklor kollektivləri dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda ölkəmizi layiqincə təmsil edirlər.
Astara Dövlət Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev çıxışında Lənkəran və Astara kolleclərinin qarşılıqlı əməkdaşlığından söz açaraq bu əməkdaşlığın bütün sahələrdə davamlı olacağını vurğulamışdır.
Konfransda, həmçinin Lənkəran Dövlət Universitetinin müəllimi, dosent Yədulla Ağazadənin “Folklorumuz milli-mənəvi varlığımızdır”, LDHK-nın musiqi şöbəsinin müdiri Fikrət Kərimlinin “Musiqi folklorumuzun bədii dəyəri” və kollecin musiqi müəllimi Yaqut Əliyevanın “Etnoşünaslıq və folklor” mövzularında çıxışları dinlənilmişdir.
Tədbirin sonunda kollecin müəllim və tələbələri müxtəlif folklor nümunələrini ifa etmişlər.