REGİONLAR
Lənkəranda indiyədək 34 mindən çox insana “buster” doza vurulub VİDEO
Lənkəran, 22 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkəmizdə yeni növ koronavirus infeksiyası əleyhinə “buster” doza ilə peyvəndlənmə prosesi davam edir. Bu iş bütün bölgələrdə olduğu kimi, Lənkəranda da uğurla həyata keçirilir. Rayon əhalisinə artıq iki aydan çoxdur ki, üçüncü doza peyvənd vurulur.
AZƏRTAC xəbər verir ki, Lənkəranda indiyədək sakinlərə ümumilikdə 237 min 500 dozadan çox vaksin vurulub. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 5 məntəqədə, kəndlərdə 6 məntəqədə vaksinasiya prosesi gedir.
Vaksin olunan insanlardan biri də Lənkəranın Digah kənd sakini Nəsrəddin Rzayevdir. Birinci və ikinci doza peyvənd qəbul edən Lənkəran sakini indi növbəti - gücləndirici doza üçün müraciət edib: “Özümüzü və ətrafdakıları qorumaq üçün hər kəs peyvənd olunmalıdır. Mənim 73 yaşım var. Gəlmişəm ki, üçüncü dozanı qəbul edim. Bu, ümumbəşəri bəladır. Ailəliklə - oğlum, gəlinim, hamımız vaskinasiyadan keçmişik. Çünki bu, çox təhlükəli və ölümcül virusdur. Dövlət vətəndaşları üçün pulsuz vaksinasiya edir. Hamımızın da borcudur ki, pulsuz və təmənnasız edilən vaksinasiyada iştirak edək, özümüzü bu virusdan qoruyaq”.
Koronavirusun daha yoluxucu ştamlarının ortaya çıxması, daha geniş yayılması riskinin artması, digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azalması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bütün bunları nəzərə alaraq, xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü dozanın vurulması ehtiyacı yaranır. Üçüncü doza gücləndirmə dozasıdır, qanda yaranan anticisimlərin sayını artırmaq məqsədi daşıyır.
Lənkəran Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin direktoru Ağabala Kəlbiyev deyib: “Peyvənd qəbul edəndən 6 ay sonra bu virusa qarşı qanda olan anticisimlər azalır. Bu zaman virusa qarşı orqanizmin immuniteti zəifləyir. Ona görə məsləhətdir ki, göstəriş kimi üçüncü doza, yəni “buster” doza da vurulsun. Bizdə əhali aktiv olaraq gəlib üçüncü dəfə peyvənd olunur. İndiyədək 34 min 60 nəfərə “buster” doza vurulub”.
Ağabala Kəlbiyev bildirib ki, vaksin olunmaqla bağlı ciddi əks-göstərişlər yoxdur. “Bu gün əhali başa düşür və bilir ki, xəstəliyin qarşısını almaqdan ötrü, ağırlaşma olmasın deyə, yeganə üsul vaksin olunmaqdır. Ona görə də aktiv olaraq peyvənd olunmağa gəlirlər. Vurduğumuz vaksinlərdən sonra əhalidə yoluxma halı azalmış, həm də son vaxtlar ağırlaşmaya az hallarda rast gəlinir”, - deyə o əlavə edib.
Mütəxəssislərin də dediyi kimi, təkcə vaksinasiya ilə arxayınlaşmaq olmaz. İstənilən halda peyvənd olunan insanlar da Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatlara ciddi yanaşmalıdır. Vətəndaşlar gigiyenik qaydalara əməl etməli, xüsusilə qapalı məkanlarda tibbi maska taxmalı və sosial məsafəni gözləməlidirlər.