REGİONLAR
Lənkəranda narkomaniya mövzusunda maarifləndirmə tədbiri keçirilib
Lənkəran, 14 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 14-də Lənkəran Rayon Polis Şöbəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 6 nömrəli məktəb-liseydə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, maarifləndirmə tədbirində çıxış edən Lənkəran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Şöbə rəisi deyib ki, bu gün narkomaniyaya meyil edən yeniyetmə və gənclərə hələ də rast gəlinməsi təəssüf hissi doğurur. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
F.Azadəliyev, həmçinin narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi mübarizə tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.
Tədbirdə çıxış edənlər polis əməkdaşları tərəfindən məktəblilərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirərək, şagirdləri bu həssas mövzuya diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.