REGİONLAR
Lənkəranlı idmançılar Bakıda keçirilən Avrasiya çempionatında 23 medal qazanıblar
Lənkəran, 2 iyul, Bağır Əliyev, AZƏRTAC
Bakıda Hövsan Olimpiya İdman Kompleksində Dünya Budo Universal Döyüş Növləri Federasiyası və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatda ölkəmizdən olan idmançılarla yanaşı, Gürcüstan, İran, Rusiya və Qazaxıstan təmsilçiləri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, lənkəranlı idmançılar bu yarışda xüsusilə fərqləniblər. Lənkərandan olan 23 idmançının hamısı mükafatçılar sırasına düşə bilib.
Baş məşqçi Zaur Məmmədov komandanın qazandığı uğurlardan söhbət açaraq deyib: “Yarışda iki döyüş növü ilə iştirak etdik. Birincisi MMA, ikincisi isə “Qrepling” növü üzrə yarışdıq. Lənkəran rayonunun komandası çox gözəl nəticə əldə etdi. 23 idmançımızdan 15 nəfəri birinci, 8 nəfər isə ikinci yerə sahib oldu”.
Avrasiya çempionatında lənkəranlı idmançılar komanda hesabında da birinci olub.
Qaliblər diplomlar və medallarla mükafatlandırılıb.