REGİONLAR
Lerikdə DQİDK-nın sifarişi ilə nəşr olunan kitabların təqdimatı keçirilib
Lerik, 3 avqust, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti və Lerik Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə DQİDK-nın 20 illik fəaliyyəti və Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Səyad Babakişiyev, Lerik Rayon İcra Hakimiyyətinin müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, Lerik Rayon Mərkəzi Kitabxanasının direktoru Tərxan Feyziyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlar zamanı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ulu öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə yaradıldığı, Dövlət Komitəsinin yaradılmasında əsas məqsədin dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericiliyin həyata keçirilməsi, xalqımızın çoxəsrlik milli-mənəvi, tolerant və multikultural dəyərlərinin təbliğ edilməsi olduğu qeyd edilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.
Çıxışlarda, həmçinin ölkəmizdə mövcud olan tolerant və multikultural dəyərləri təbliğ etmək, dinimizin olduğu kimi təqdim edilməsi, gənclərin radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunması məqsədilə Dövlət Komitəsi və komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə müxtəlif adda dini təyinatlı ədəbiyyatların çap edilərək dini icmalara, kitabxanalara və keçirilən maarifləndirmə tədbirlərində vətəndaşlara təqdim edildiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarına sərgidə nümayiş edilən dini təyinatlı ədəbiyyatlar barədə məlumat verilib və onlara kitablar hədiyyə edilib.