CƏMİYYƏT
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb
Bakı, 16 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb və təqdimat olub.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Sevinc Hüseynova çıxış edərək dövlət gənclər siyasətinin əsas prinsipləri və prioritetləri barədə məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəallığı ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Vurğulanıb ki, Azərbaycanda gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici hal ondan ibarətdir ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tez-tez gənclərlə görüşür, onlarla səmimi fikir mübadiləsi aparır. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tərkibində Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması, V çağırış Milli Məclisin tərkibində yeni Gənclər və idman komitəsinin fəaliyyətə başlaması bir daha Azərbaycanda gənclər siyasətinə sistemli və davamlı münasibətin göstərildiyini nümayiş etdirir.
Müzakirələrdə çıxış edən gənclər dövlət gənclər siyasətinin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasını təmsil edən gənclərin rolundan bəhs ediblər.
Müzakirələrdən sonra YAP Şəmkir rayon təşkilatının Gənclər Birliyinin sədri Emin İsmayılov dövlət gənclər siyasəti və Şəmkir rayonunda gənclərin fəaliyyəti barədə təqdimat edib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.