REGİONLAR
Lerikdə aqrar sektorun inkişaf perspektivlərinə dair müşavirə keçirilib
Lerik, 4 avqust, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri avqustun 4-də Lerik rayonunda olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin və müvafiq dövlət strukturları nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev rayonda kənd təsərrüfatı işlərinin gedişi, bu sahədə mövcud vəziyyət və aqrar sektorun perspektivləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, Lerik rayonunda kənd təsərrüfatına yararlı torpaq sahələri 61898 hektardır. Bunun 11433 hektarı əkinəyararlı, 382 hektarı çoxillik əkmələr, 2643 hektarı biçənəklər, 35971 hektarı örüş torpaqları, 4950 hektarı yay otlaq sahəsi, 40306 hektarı isə meşə fondudur. Cari ildə rayonda 4255 hektar sahədə əkin aparılıb, 2800 hektarda payızlıq, 2247 hektarda isə yazlıq bitkilər əkilib.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov çıxış edərək bildirib ki, Azərbaycan Prezidentinin aqrar sahənin, xüsusilə qeyri-neft sektorunun davamlı inkişafına nail olmaq məqsədi ilə qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək üçün əlaqələndirici orqan kimi yaratdığı işçi qrupun əsas məqsədi kənd təsərrüfatı sahəsində görülən işləri yerlərdə qiymətləndirmək, yerli icra orqanlarının bu sahədəki fəaliyyətini əlaqələndirmək, rayonlarda istehsalçılarla keçirilən görüşlərdə aqrar sahədə mövcud potensialdan səmərəli istifadə edilməsi ilə bağlı təklifləri öyrənməkdir.
Lerikdə aqrar bölmənin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən A.Əmiraslanov rayonda kənd təsərrüfatının uzunmüddətli inkişafı üçün atılacaq addımlardan danışıb, potensialdan səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Azər Əmiraslanov kənd təsərrüfatı sahəsində dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının zəruriliyini də diqqətə çatdırıb.
Diskussiya şəraitində davam edən müşavirədə fermerlər rayonda taxıl, kartof, tütün, heyvandarlıq, arıçılıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişaf etdirilməsi, emal müəssisələrinin, eləcə də “Aqrolizinq”in rayon filialının yaradılması, soyuducu anbarların, tədarük məntəqələrinin inşası, subartezian quyularının qazılması və digər təkliflərlə çıxış ediblər.
Müşavirədən sonra işçi qrupun üzvləri “Xan-nad” Elmi İstehsalat Şirkətinin Peştətük kəndində tikilməkdə olan spirtsiz içkilər və şirə müəssisəsinə və Piran kəndində “Lerik-Broyler” MMC-yə baxış keçiriblər.