REGİONLAR
Lerikli gənc təhsilini Cənubi Koreyada davam etdirəcək VİDEO
Lerik, 6 yanvar, İlkin Adıyev, AZƏRTAC
Lerik rayonundan olan Sevinc Nuriyeva Cənubi Koreyanın Kyung Hee Universitetinin Qlobal Təqaüd Proqramının qalibi seçilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, universitetin biotibbi mühəndislik ixtisasına qəbul olunaraq, bakalavr təhsilini tam təqaüdlə Cənubi Koreyada davam etdirəcək.
On birinci sinifdən bəri xaricdə təhsil almağı planlaşdıran Sevinc internetdə araşdırma apararkən bu proqram haqqında məlumatla qarşılaşıb: “Təqaüd proqramı maddi imkanlarımı qarşıladığına görə düşündüm ki, bu, mənim üçün böyük şansdır və sənədlərimi toplamağa başladım. Cənubi Koreyada təhsil almağımın əsas səbəbi dünyanın ən qabaqcıl texnologiyalarına malik ölkələrindən biri olmasıdır. Düşünürəm ki, bu ölkənin mədəniyyəti həqiqətən də çox maraqlıdır.”
Sevinc Nuriyeva Cənubi Koreyada beş il təhsil alacaq. “İlk bir il ərzində mənə Koreya dilini öyrədəcəklər. Qalan dörd ildə isə ixtisasıma uyğun təhsil alacağam”, - deyir lerikli gənc.
Qlobal Təqaüd Proqramı tələbənin Koreyada təhsil alması üçün bütün maddi imkanları qarşılayır: “Mənim necə seçildiyimə gələndə, düşünürəm ki, ingilis dili biliklərimin yüksək səviyyədə olması, müsahibədən özümü yaxşı mənada göstərməyim bu işdə mühüm rol oynadı. Bundan əlavə, könülü təşkilatlarda da çox aktiv iştirak etmişəm. Xüsusilə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinə seçilən gənclərdən biriyəm. Burada qazandığım sertifikatları da proqrama müraciət etdiyim zaman göndərmişdim.”
Sevincin atası Hüseyn Nuriyev: “Bu xəbəri eşidəndə çox sevindim. Qızım mənə deyəndə ki, Koreyada təhsilimi davam etdirmək istəyirəm, mən böyük məmnuniyyətlə razılıq verdim. O, uşaqlıqdan arzulayırdı ki, xaricdə təhsil alsın. Arzusuna da çatdı.”
Müəllimləri deyir ki, Sevinc hələ məktəb illərində fəallığı, tələbkar olması ilə seçilirdi. Bu isə onun potensialından xəbər verirdi. Xaricdə təhsil almaq onun uşaqlıq arzusu idi və qarşısına qoyduğu məqsəd üçün dayanmadan çalışdı, nəticədə arzusuna nail oldu.
İndi Sevinc Cənubi Koreyaya yola düşəcəyi, yeni təhsil həyatına başlayacağı günü səbirsizliklə gözləyir...