ELM VƏ TƏHSİL


“Lightsource BP” şirkətinin icraçı direktoru Nik Boyle Bakı Ali Neft Məktəbində

Bakı, 8 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti və tələbələri ilə “Lightsource BP” şirkətinin baş icraçı direktoru Nik Boylenin görüşü keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi günəş enerjisindən səmərəli istifadə sahəsində görülmüş işlər haqqında BANM tələbələrinə məlumat vermək, şirkətin gələcəkdə Azərbaycanda fəaliyyətinin perspektivlərini müzakirə etməkdir. Görüşdə “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.

BANM-in rektoru Elmar Qasımov qonağı ali məktəbdə görməkdən məmnun olduğunu söyləyib və bildirib ki, günəş enerjisi ilə işləyən bu cür şirkətlər elmi nailiyyətlərini biznesə çevirməyi bacarır, qloballaşan dünyada belə təcrübələr tələbələr və günəş enerjisi ilə çalışan ekspertlər üçün faydalı ola bilər.

“Lightsource BP” şirkətinin icraçı direktoru Nik Boyle deyib ki, şirkət günəş panelləri (fotoelektrik) layihələri üzrə ixtisaslaşıb. Hər kəsin davamlı enerji qaynaqlarına çıxışı olmalıdır və tükənməyən günəş enerjisi əvəzsizdir.

Nik Boyle əlavə edib ki, şirkətin əməkdaşları aşağı karbon keçidini sürətləndirib dünya səviyyəsində günəş enerjisinin artımına nail olurlar. Şirkətin əsas hədəfi 2023-cü ilədək dünya miqyasında günəş enerjisini ən azı 10 GVt yerləşdirməklə qlobal enerji təhlükəsizliyinin gələcəyinin formalaşmasında mühüm rol oynamaqdır.

Görüş zamanı tələbələrin sualları cavablandırılıb.

Görüşün sonunda rektor Elmar Qasımov Nik Boyleyə “Fəxri qonaq” plaketi təqdim edib. Qonaqlar BANM-in kampusu ilə tanış olublar.

Xatırladaq ki, Böyük Britaniyanın “BP” şirkətinin ortaqlarından olan “Lightsource BP” əsasən günəş panelləri (fotoelektrik) layihələrinin uzunmüddətli idarəetməsi, inkişafı və maliyyələşdirilməsində qlobal liderdir. Şirkət əsasən kommunal xidmətlər, təhsil, şəhərlər və hökumətlər, korporasiyalar və sənaye, torpaq və kənd təsərrüfatı sahələri ilə davamlı işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.