DÜNYA
Litva Belarus AES-in istismara verilməsinə qədər onun qüsurlarının aradan qaldırılmasını tələb edir
Vilnüs 7 noyabr, AZƏRTAC
Litvanın xarici işlər nazirinin müavini Albinas Zananaviçyus Vilnüs Energetika Forumundakı çıxışında bəyan edib ki, Belarus AES istismara verilənə qədər Litva özünün təhlükəsizliyini təmin etməyə borcludur.
AZƏRTAC xəbər verir ki, Belarus energetika nazirinin müavini Mixail Mixadyuk bu yaxınlarda keçirilən mətbuat konfransında vurğulayıb: “AES tikilməsi barədə qərar qəbul ediləndən sonra ilk günlərdən etibarən biz Beynəlxalq Atom Energetikası Agentliyi (BAEA) ilə sıx əməkdaşlıq şəraitində işləyirik və ölkəmizə göstərilən köməyə görə bu agentliyin katibliyinə səmimi təşəkkür edirik. Biz BAEA-nın atom enerjisindən istifadə sahəsində təcrübəsiz ölkələrə təklif etdiyi vasitələrin bütün dəstindən tam istifadə edirik. BAEA-nın missiyaları ilə bərabər çoxsaylı öyrədici seminarlar, məsləhətlər təşkil edilir”.
Belarus AES-in təhlükəsizliyi barədə Belarus hakimiyyət orqanlarının, “Rosatom”un və BAEA missiyalarının bəyanatlarına baxmayaraq litvalı siyasətçilər bildirirlər ki, AES heç də təhlükəsiz deyil. Litvanın energetika naziri Jiqimantas Vayçyunas isə deyib ki, Ostrovsk AES-i guya “Belarus ərazisində Rusiyanın geosiyasi layihəsidir”. Albinas Zananaviçyus Vilnüs Energetika Forumunda deyib: “Belarus AES ilə bağlı halda biz bu stansiyanın Litvadan ötrü təhlükə mənbəyi olmaması üçün bütün tədbirlərin görülməsinə yüz faizdən də çox əmin olmalıyıq”. O, “Belarus AES istismara verilənə qədər bütün nöqsanların aradan qaldırılmasını tələb etmək üçün birləşməyə” çağırıb.
Litva seymi Belarus AES-dən bu respublikaya elektrik enerjisi satılmasını qadağan edib. Vilnüs Avropa İttifaqının üzvü olan ölkələri inandırmağa çalışır ki, onlar da bu cür qanun qəbul etsinlər, lakin onun səyləri hələlik nəticə vermir.
Belarus AES gələn il cərəyan verməyə başlayacaq. Stansiyada III+ nəslinə aid ən müasir VVER-1200 reaktorları quraşdırılır. Bu reaktor 1990-cı və 2000-ci illərdə İrandakı “Buşəhr” AES-də, Hindistandakı “Kundankulam” AES-də və Çindəki “Tyanvan” AES-də quraşdırılan VVER-1000 reaktoru əsasında hazırlanıb. VVER-1200 reaktorunun bütün parametrləri VVER-1000 reaktoru ilə müqayisədə yaxşılaşdırılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs