SİYASƏT
Litvanın “slaptai.It” portalında Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu haqqında daha bir məqalə dərc olunmuşdur VİDEO
Vilnüs, 9 noyabr (AZƏRTAC). Litvanın “slaptai.It” portalı Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalələr yerləşdirməyə davam edir. Təqribən 70 fotoşəkillə illüstrasiya olunan növbəti məqalə “Bakı göydələnlər, fəvvarələr və gənclər şəhəridir” adlanır.
Məqalədə deyilir ki, Azərbaycan paytaxtını bir neçə gün ərzində tanımaq mümkün deyildir. Bu şəhər hətta Paris, Brüssel və London kimi şəhərlərdə gəzib-dolaşan insanlarda belə unudulmaz təəssürat yaradır.
Azərbaycanın nəhəng üçrəngli bayrağının dalğalandığı Bayraq Meydanı Bakı forumunda iştirak edən Litva nümayəndə heyətində böyük təəssürat yaratmışdır. Bir-birindən gözəl fəvvarələrin olduğu, ekzotik ağacların, Kanar palmalarının bitdiyi Dənizkənarı bulvar qonaqları məftun etmişdir.
Azərbaycan paytaxtında gənclərin sayının çox olması da litvalı qonaqları heyrətləndirmişdir. Ədəb-ərkanlı, nəzakətli gənc qadın və kişilər Azərbaycan xalqını fərqləndirən cəhətlərdən biridir.
Məqalədə, həmçinin qeyd olunmuşdur ki, qocalmaqda olan Avropa Azərbaycanın belə dinamik demoqrafiyasına yalnız qibtə edə bilər. Xüsusən ona görə ki, Azərbaycanın son 20 ildə qazandığı ciddi siyasi, iqtisadi və mədəni nailiyyətlər çox çətin bir şəraitdə əldə olunmuşdur.
Məqalədə Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının doğma yurd-yuvalarından qovulması ilə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açılmışdır.
Məqalədə deyilir: “Razılaşın ki, doqquz milyon əhalisi olan ölkədə xalqın həyat keyfiyyətinin və rifahının yaxşılaşdırılması dövlətin qarşısında duran prioritet vəzifədir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs