REGİONLAR
Livanlı jurnalist: Azərbaycan ərəb ölkələrindən olan turistlər üçün kəşf olunmamış xəzinədir
Qusar, 13 fevral, Elxan Yusifli, AZƏRTAC
Biz Qusar rayon rəhbərliyi ilə, eləcə də Azərbaycanda keçirdiyimiz digər görüşlərdə anladıq ki, ölkəniz xarici investorların bura sərmayə qoymasında çox maraqlıdır. Buradakı şərait də investorlar üçün olduqca əlverişlidir. Xaricdən gələn sahibkarlara hər cür şərait yaradılır ki, Azərbaycanda bizneslə məşğul olub gəlir əldə etsinlər.
Bu sözləri Livanın “Cumhuriyyə” qəzetinin baş redaktoru, Livan Jurnalist Həmkarları Təşkilatının sədr müavini Corc Solac Qusarda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşlarından ibarət qrupun tərkibində yer alan Corc Solac Qusar rayonunun görməli yerləri ilə tanışlıq zamanı gördüklərindən məmnun qaldığını bildirib.
“Azərbaycanın gözəl təbiəti var. Xalqınız da qonaqpərvər və gülərüzdür. Bu, ilin bütün fəsillərində turistləri ölkənizə cəlb edən əsas amillərdəndir. Fikrimi qısa şəkildə ifadə etsəm, Azərbaycan ərəb ölkələrindən, eləcə də dünyanın digər yerlərindən olan turistlər üçün kəşf olunmamış xəzinədir. Qətər və Livanın bir sıra KİV əməkdaşlarının Azərbaycana səfəri ölkənizin təbliğatı baxımından olduqca əhəmiyyətlidir”, - deyə “Cumhuriyyə” qəzetinin baş redaktoru bildirib.