DÜNYA
Liviya və Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Qahirə, 4 may, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin Liviyaya səfəri zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə Liviyanın rəsmi LANA agentliyi məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və təhlükəsizlik xidmətinin rəhbəri Hakan Fidan Liviyanın keçid hökumətinin Baş naziri Əbdülhəmid Əl-Dbeybah ilə görüşüblər. Tərəflər Liviyada sülhün və sabitliyin bərqərar olması, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mövlud Çavuşoğlunun liviyalı həmkarı Nəcla əl-Manquş ilə keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının bu ölkə ilə bağlı qətnaməsinin yerinə yetirilməsinə toxunulub. Türkiyəli nazir bildirib ki, rəsmi Ankara Liviyanın əvvəlki hökumətinin müraciətinə uyğun olaraq və rəsmi saziş əsasında bu ölkənin silahlı qüvvələrinə hərbi təlim keçmək üçün zabitlər göndərib. O əlavə edib ki, pul müqabilində Liviyada döyüşən muzdlu əsgərlərin Türkiyə ilə heç bir əlaqəsi yoxdur və Ankara bu ölkənin bütövlüyünü, suverenliyini dəstəkləyir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə