DÜNYA
London İranın Hörmüz boğazında ingilis gəmisini saxlamaq istədiyini təsdiq edib
Bakı, 11 iyul, AZƏRTAC
Böyük Britaniyanın Müdafiə Nazirliyi İrana məxsus katerlərin Hörmüz boğazında ingilis ticarət gəmisini saxlamaq istədiklərini təsdiqləyib. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, rəsmi London bununla bağlı bəyanat yayıb.
Böyük Britaniya hökumətinin bəyanatında deyilir ki, “Britaniya Hərbi Dəniz Qüvvələrinin “Montrose” freqatı İran katerləri və “British Heritage” ticarət gəmisi arasında yerləşməli olub və şifahi xəbərdarlıq edib. Yalnız bundan sonra İranın katerləri geri dönüblər”. Sənəddə əlavə olunur ki, gəmini saxlamaq istəyən katerlərin sayı beş deyil, üç olub. Çərşənbə günü CNN telekanalı ABŞ Administrasiyasındakı mənbələrə istinadla xəbər vermişdi ki, İran İnqilab Keşikçiləri Korpusunun beş kateri Hörmüz boğazında Britaniya tankerini saxlamağa cəhd göstərib.
Son iki ayda Fars körfəzi rayonunda bir neçə neft tankeri hücumlara məruz qalıb. ABŞ və Səudiyyə Ərəbistanı bu hücumlarda İranı ittiham edirlər, rəsmi Tehran isə bunu inkar edir. İyunun 20-də İran hərbçiləri ABŞ-ın pilotsuz hava aparatını vurublar və bəyan ediblər ki, o, ölkənin hava sərhədlərini pozub. Bu insident regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olub.