MƏDƏNİYYƏT
“MƏHSƏTİ GƏNCƏ QADIN ŞAİRLƏRİ İLƏ” RƏSM ƏSƏRİNİN TƏQDİMATI OLMUŞDUR
Muzeyin direktoru, Milli Məclisin deputatı, professor Rəfael Hüseynov tədbiri açaraq təqdimatı keçirilən əsərin yaranma tarixindən danışmışdır. O bildirmişdir ki, XIII əsrin Azərbaycan şairi və təzkirəçisi Cəmaləddin Xəlil Şirvaninin Şirvanşah Əlaəddinin şərəfinə tərtib etdiyi və hazırda Türkiyədə saxlanılan “Nüzhət əl-məcalis” əlyazmasında əksəriyyəti azərbaycanlı olan 380 şairin rübailəri toplanmışdır. Topluda Məhsətidən başqa daha 5 azərbaycanlı qadın şairinin rübaisi yer almışdır. Onlar haqqında ilk məlumat mənim 1989-cu ildə nəşr olunmuş “Məhsəti - necə varsa” kitabımda verilmişdir.
Mərasimdə qeyd olunmuşdur ki, təqdimatı keçirilən bu əsər yaxın vaxtlarda Nizami muzeyində açılacaq Məhsəti zalında tamaşaya qoyulacaqdır. Tabloda Məhsəti və onun müasirləri olan, XII əsrdə yaşayıb-yaratmış 5 gəncəli qadın şair (Rəziyyə Gəncəvi, Doxtəri-Gavə, Doxtəri-Xətib, Doxtəri-Salar, Doxtəri-Səti) Göygölün sahilində təsvir edilmişdir.
R.Hüseynov özünün farscadan tərcümə etdiyi həmin qadın şairlərin rübailərindən nümunələr oxumuşdur.
Akademik Bəkir Nəbiyev, tablonun müəllifi, xalq rəssamı Oqtay Sadıqzadə mərasimdə çıxış etmişlər.