ELM VƏ TƏHSİL
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Martın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2002-ci il aprelin 12-nə təyin olunmuş əlavə seçkilərdə 24 saylı Nərimanov birinci seçki dairəsində deputatlığa namizədlikləri qeydə alınmamış S.Tarverdiyev, V.Qasımov, L.Məmmədov və B.Bilalovdan Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayət ərizələrinə baxılmışdır.
Komissiya müzakirəyə çıxarılan məsələ barəsində Mərkəzi Seçki Komissiyasının katibi Q.Orucovun, komissiya üzvləri M.Səlimzadənin, T.Həsənovun və V.Əsədovun məlumatını dinləmişdir. Geniş və hərtərəfli müzakirələr nəticəsində S.Tarverdiyev, V.Qasımov və L.Məmmədovun barəsində dairə seçki komissiyasının qərarı ləğv edilmiş və onların deputatlığa namizədlikləri qeydə alınmışdır.
B.Bilalovun imza vərəqələrində ciddi qanun pozuntularına yol verildiyi üçün onun deputatlığa namizədliyinin qeydə alınmaması barədə dairə seçki komissiyasının qərarı qüvvədə saxlanmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti