CƏMİYYƏT
MDB ölkələrinin ekspertləri Əhalinin məşğulluğuna kömək sahəsində əməkdaşlıq haqqında Sazişin layihəsini razılaşdırıblar
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Minskdə, MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrdə Əhalinin məşğulluğuna kömək sahəsində əməkdaşlıq haqqında Sazişin layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun videokonfrans rejimində iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, ekspertlər saziş layihəsinə Qazaxıstan, Qırğızıstan və Rusiyadan daxil olmuş irad və təklifləri müzakirə ediblər. Bütün irad və təkliflər nəzərə alınıb.
İclas iştirakçıları Rusiya tərəfindən xahiş ediblər ki, Saziş layihəsinin 4-cü maddəsinə (WorldSkills Standartları və metodikaları) dair təklifləri barədə əlavə informasiyanı MDB İcraiyyə Komitəsinə təqdim etsin.
İclasın yekunlarına əsasən ekspert qrupu Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrdə Əhalinin məşğulluğuna kömək sahəsində əməkdaşlıq haqqında Sazişin layihəsinin razılaşdırılmış hesab edilməsini qərara alıb.
MDB İcraiyyə Komitəsi iclasın materiallarını Saziş layihəsinin dövlətdaxili razılaşdırılması üçün Birlik ölkələrinin hökumətlərinə göndərəcək, sonra layihə müəyyən olunmuş qaydada MDB ölkələrinin Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək.
Ekspertlər tərəfindən razılaşdırılmış sənəd MDB ölkələrində əhalinin məşğulluğuna və işsizlik səviyyəsinin azaldılmasına, vətəndaşların yerdəyişmə azadlığı və əmək fəaliyyətinin həyata keçirilməsi hüquqlarının təmin edilməsinə, habelə ümumi əmək bazarının formalaşmasında mövcud maneələrin aradan qaldırılmasına yönəlib.
Sənəddə Birlik ölkələrinin işçi qüvvəsinin paylanması, mübadiləsi və səmərəli istifadəsinə razılaşdırılmış yanaşmalar hazırlanması, ən yaxşı dünya praktikalarından istifadə edilməklə işçi qüvvəsinə tələb və təklifin tarazlaşdırılmasına nail olmaq üçün tərəflərin fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulub.