İQTİSADİYYAT
MİLLİ İQTİSADİYYATIMIZIN İNKİŞAFINDA LİZİNQİN ROLU YÜKSƏLDİLMƏLİDİR
Tədbiri İşçi qrupun rəhbəri Natiq Şirinzadə açaraq Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icra vəziyyəti, sahibkarlığın inkişafı, milli istehsalın formalaşması və daha da genişlənməsi üçün görülən işlər barədə ətraflı məlumat verdi.
Son vaxtlar ölkəmizdə geniş vüsət almış, əhali tərəfindən razılıqla qarşılanan “Hamı yerli mal alsın, xeyir Vətənə qalsın” devizi ilə keçirilən satış-yarmarkaların iqtisadi, maliyyə, sosial-mənəvi əhəmiyyətindən danışan işçi qrupunun rəhbəri, bu sahədə alternativ kreditləşmə növü olan lizinqin üstünlüklərini, rolunu, müvafiq qurumların vəzifələrini açıqladı, beynəlxalq maliyyə kooperasiyalarının yaxından köməyi ilə “Azərbaycanda lizinqin inkişafı” layihəsinin həyata keçirildiyini vurğuladı, müzakirələrin səmərəli, işgüzar şəraitdə keçirilməsi məqsədi ilə maliyyə-bank, vergi qurumlarının nümayəndələrini, sahibkarları, fermerləri açıq fikir, təcrübə mübadiləsi aparmağa çağırdı.
Məsələ ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sədri Qədir Hüseynov, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin sədri Tariyel Rəsulov, “Lizinq” Assosiasiyasının prezidenti Ceyhun Məmmədbəyli, “Azərlizinq” SC-nin sədri Ceyhun Nağıyev və digərlərinin məlumatları dinlənildi. Məlumatlarda lizinqin mahiyyəti, iqtisadi inkişafda yeri, əhəmiyyəti, bu sahədə indiyədək görülən işlər, mövcud problemlər və onların aradan qaldırılması yolları, sahibkarlarla, dövlət qurumları, beynəlxalq təşkilatlarla, yaxın xarici ölkələrlə qarşılıqlı əlaqələr, istehsalçı-istehlakçı münasibətləri barədə danışıldı, Prezident İlham Əliyevin regionlara səfərləri zamanı bu mühüm məsələ ilə ciddi maraqlandığı diqqətə çatdırıldı. Qeyd olundu ki, indiyədək lizinq yolu ilə respublikamıza 20 milyon ABŞ dolları dəyərində müxtəlif növ kənd təsərrüfatı texnikası, avadanlıq, müasir texnoloji vasitələr alınıb sahibkarlara, fermerlərə paylanmış, gətirilən xarici texnika və texnologiyalara səyyar texniki xidmət təşkil edilmişdir. Lizinq yolu ilə alınmış texnologiyaların əlavə dəyər və gömrük vergisindən azad olunduğu bildirildi, lizinqin milli iqtisadiyyatımıza, regionlarda keyfiyyətli məhsul istehsalına, aqrar-sənaye sahələrinin inkişafına göstərdiyi müsbət təsiri faktlarla qeyd edildi.
Dəyirmi masada səmərəli qarşılıqlı təcrübə mübadiləsi aparıldı, lizinqin inkişaf etmiş ölkələrin iqtisadiyyatındakı rolundan danışıldı, bu sahədə respublikamızda ciddi çatışmazlıqların olduğu da diqqətə çatdırıldı, onların aradan qaldırılması barədə təklif və tövsiyələr verildi, qabaqcıl təcrübənin tətbiqi üçün fermerlər, iş adamları arasında maaarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyi qeyd edildi.
Tədbirdə söylənilən təkliflərin sistemləşdirilib respublika hökumətinə, müvafiq dövlət strukturlarına təqdim olunacağı bildirildi.