SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Qonağı səmimi salamlayan parlamentin sədri vurğuladı ki, Azərbaycan-Türkiyə strateji əməkdaşlığı yüksələn xətlə inkişaf edir və bunda dövlət başçılarının xüsusi rolu var. Milli Məclisin sədri Türkiyə generalının səfərinin əlamətdar bir dövrə təsadüf etdiyini bildirərək dedi ki, bir neçə gün əvvəl Azərbaycan xalqı Baş nazir İlham Əliyevi ölkə Prezidenti seçmişdir. Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini rəsmən elan etdikdən sonra andiçmə mərasimi olacaq və İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başlayacaqdır.
Azərbaycanda Prezident Heydər Əliyevin rəhbərliyi ilə son dövrdə həyata keçirilən islahatlara toxunan Murtuz Ələsgərov ordu quruculuğunda əldə olunan nailiyyətlərdən, Silahlı Qüvvələrimizin nüfuzunun və qüdrətinin artmasından danışdı. O dedi ki, indi Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa qadirdir.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən parlamentin sədri Türkiyənin bu məsələdə mövqeyindən razı qaldığını bildirdi.
Səmimi qəbul üçün təşəkkür edən ordu generalı Aytac Yalman dedi ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusən də ordu quruculuğundakı uğurlar həqiqətən də tərifəlayiqdir. Türkiyə hər zaman olduğu kimi, yenə də Azərbaycanladır. Dağlıq Qarabağ münaqişəsi isə təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir. Biz Azərbaycanın daha da irəli getməsini arzulayırıq və bunun üçün öz köməyimizi göstərməyə hazırıq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.