SİYASƏT
MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİ SAHƏSİNDƏ YARADILMIŞ İŞÇİ QRUPUNUN İLK İCLASI
İşçi qrupunun nazirlikdə keçirilən ilk iclasında qrupun fəaliyyətinin perspektivləri, əsasnaməsinin hazırlanması və digər məsələlər müzakirə olunmuşdur.
Qrupun üzvləri Prezidentin Sərəncamını ölkəmizdə uğurla həyata keçirilən demokratik, hüquqi dövlət quruculuğu prosesində mühüm addım kimi qiymətləndirmişlər. İclasda Avratlantika məkanının siyasi və təhlükəsizlik strukturlarına inteqrasiya yolunu seçmiş ölkəmizin təhlükəsizlik sektorunun islahatı istiqamətində həyata keçirdiyi siyasətin ardıcıl şəkildə davam etdirilməsinə dair məsələlər müzakirə olunmuşdur. Azərbaycanın NATO-nun Fərdi tərəfdaşlıq üzrə əməliyyat planına qoşulması bu baxımdan xüsusilə vurğulanmışdır.
İclasda xarici dövlətlərin təhlükəsizlik sektorunun islahatı və idarə edilməsi sahəsində təcrübələrinin öyrənilməsinin və ekspertlər mübadiləsinin, xüsusilə Almaniya Federativ Respublikası ilə bu sahədə aparılan əməkdaşlığın əhəmiyyəti qeyd edilmişdir.
Milli təhlükəsizlik məsələləri üzrə qurumlararası əməkdaşlığın təkmilləşdirilməsinə dair məsələlər də müzakirə edilmiş, işçi qrupunun fəaliyyətinin təşkilati tərəfləri ilə bağlı bir sıra qərarlar qəbul olunmuşdur.