İDMAN
MİNGƏÇEVİRDƏ AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATINA YEKUN VURULMUŞDUR
Mingəçevirdə “Kür” Təlim-Tədris Mərkəzində avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, 150-dən çox iştirakçının qatıldığı ölkə birinciliyi 18 və 23 yaşadək idmançılar arasında keçirilmişdir.
Akademik qayıqlarda avarçəkənlər yalnız 2000 metr məsafəyə yarışmışlar. Fərdi mübarizələrdə 18 yaşlılar arasında Cavid Əfəndiyev, 23 yaşlıların birinciliyində isə Dostməmməd Dostməmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Kayak yarışlarında 18 yaşlı idmançılar arasında Rüfət Vəlizadə 1000 və 500 metr, Orxan Mahmudlu isə 200 metr məsafəyə mübarizədə fərqlənmişdir. 23 yaşlılardan Fikrət Zeynalov 1000, 500 və 200 metr məsafələri dəf etməkdə hamıdan güclü olmuşdur.
Kanoe qayıqları ilə mübarizədə isə Qabil İsmayılzadə18 yaşlılar arasında hər üç məsafəyə yarışda birinci yeri tutmuşdur. 23 yaşlılardan Samir Həmidov 1000, Aleksandr Kasatkin 500, Valentin Demyanenko isə 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülmüşlər.