DÜNYA
MOLDOVA NAZİRİ RUSİYA SƏFİRİNİN BƏYANATINDAN İNCİMİŞDİR
Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Andrey Stratan demişdir ki, “Rusiya səfirinin söylədiyi fikirlər Moldova-Rusiya münasibətlərinin ruhuna uyğun deyildir”.
Səfirin martın 20-də mətbuat konfransında verdiyi bəyanat moldovalıları hiddətləndirmişdir. N.Ryabov yüklərin dövlət sərhədindən tranziti üçün Moldova və Ukraynanın yeni rejim tətbiq etməsindən danışarkən Kişinyovu beynəlxalq razılaşmaları pozmaqda təqsirləndirmiş və sərhəddə yeni rejimin tətbiqini “ətraflı düşünülmüş siyasi addım” adlandırmışdır.
Rusiya səfiri belə fikir söyləmişdir ki, bu addımdan məqsəd “regionda vəziyyəti sosial partlayış həddinə çatdırmaq və regionun indiki rəhbərliyini “sözəbaxan” rəhbərliklə əvəz etməkdir”.
Xatırladaq ki, Ukrayna qondarma “Dnestryanı Respublika”dan gətirilən yüklərin gömrükdə qeydiyyatının yeni qaydalarını tətbiq etdikdən sonra münaqişə bölgəsində vəziyyət gərginləşmişdir.