MƏDƏNİYYƏT
MOSKVADA LEYLA AXUNDZADƏNİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ MÜASİR İNCƏSƏNƏT SƏRGİSİ AÇILMIŞDIR
Moskva, 10 aprel (AZƏRTAC). Moskvadakı Aydan-qalereyada azərbaycanlı rəssam, bu yaxınlarda dünyasını dəyişmiş Əməkdar İncəsənət Xadimi Leyla Axundzadənin xatirəsinə həsr edilmiş “Müasir Azərbaycanın aktual incəsənəti” mövzusunda sərgi açılmışdır.
Sərginin Azərbaycandan olan daimi kuratoru Leyla Axundzadə Azərbaycanın müasir incəsənəti, aktual təsviri sənətdə yeni meyillər və cərəyanlar haqqında moskvalılara çox ətraflı məlumat verə bilərdi. Sərgiyə toplaşmış sənətşünaslar və sənətsevərlər bu haqda və L.Axundzadənin yaradıcılığı barədə danışdılar.
Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Nigar Axundova sərginin təşkilatçılarına təşəkkürünü bildirərək qeyd etmişdir ki, L.Axundzadə müasir Azərbaycan incəsənətinin xarici ölkələrdə təbliğinə çox böyük töhfə vermişdir. Onun sözlərinə görə, bu nadir sərgidə hər kəs özü üçün, öz qəlbi üçün nə isə tapır. N.Axundova Moskvada belə bir sərgi keçirilməsi təşəbbüsünün dəstəklənməsinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirmişdir.
Vernisajın kuratoru Aydan Salahova L.Axundzadənin “Qadın. Mükəmməliyə qovuşmaq istəyi” silsiləsindən olan işlərinə diqqəti cəlb edərək əlavə etmişdir ki, L.Axundzadə öz işlərində həmişə qadın mövzusuna müraciət edir və bu işlərin hər birində qadının keçirdiyi daxili həyəcanları ifadə etməyə çalışırdı.
Sərgidə digər azərbaycanlı rəssamların – Tərlan Qorçu, Rəşid Axundzadə, Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərid Rəsulov, Eldar Qurbanov və Baba Bədəlovun əsərləri də nümayiş etdirilir.
Azərbaycanlı rəssamların bütün işləri maraqla qarşılanmışdır. Müxtəlif ləziz yeməklər satan matronaların fotoşəkilləri və klassik Avropa rəngkarlığında aşkar olunmuş təbiət mənzərələri montaj edilmişdir. Eldar Qurbanovun əl işi olan taxta mücrünün üstündə folklor qəhrəmanı təsvir edilmişdir. Rəşad Axundzadənin kollajında Rembrandtın səma allahı Zevsi Qızıl yağış şəklində gözlədiyi Danayası əlində süpürgə tutmuş yorğun, qoca azərbaycanlı qadının saçlarını tumarlayır. Tərlan Qorçunun əl işi olan uzunsov ağ fotofrizdə sonsuz spiral şəklində burulan üzüm meynəsi universal bir metaforaya – təbiətin və insan orqanizminin ritmlərini üzvi şəkildə özündə birləşdirən kardioqrama çevrilir. Baba Bədəlovun parçadan hazırladığı gəlinciklər ART sözü şəklində düzülməklə uşaqları ta qədimdən maraqlandıran “İncəsənət nədir?” sualına sadə və aydın cavabdır. Orxan Hüseynovun fırçasının məhsulu olan böyük şair Sabirin portreti və azərbaycanlı müəlliflərin bir sıra başqa işləri böyük maraqla qarşılanmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva