SİYASƏT


MOSKVADA XƏZƏRİN HÜQUQİ STATUSUNU MÜƏYYƏNLƏŞDİRMƏYƏ DAİR İCLAS BAŞA ÇATMIŞDIR

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun iyulun 22-də Moskvada başlanmış 10-cu iclası iyulun 24-də işini yekunlaşdırmışdır.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müzakirəsinə həsr edilən iclasda tərəflər müəyyən tərəqqiyə nail ola bilmişlər. Bu, Rusiya Prezidentinin Xəzər dənizinin statusunun nizama salınması məsələləri üzrə xüsusi nümayəndəsinin və Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında açıqlanmışdır.

Mətbuat konfransında bildirildi ki, mövqelərdəki bəzi fikir ayrılıqlarına baxmayaraq, tərəflər Konvensiya layihəsinin bir çox bəndlərini razılaşdırmağa müvəffəq olmuşlar. Müzakirələrdə Xəzərdə gəmiçilik, balıqçılıq, bioloji ehtiyatlardan istifadə, təhlükəsizliyin təmin edilməsi problemlərinə və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə də toxunulmuşdur.

İclasın yekunlarına əsasən, birgə bəyanat qəbul edilmişdir. Sənəddə deyilir ki, nümayəndə heyətləri Moskva görüşünün yekunlarını müsbət qiymətləndirmiş, Xəzərin hüquqi statusu məsələlərində ümumi razılığa gəlmək məqsədi ilə dialoqu davam etdirmək niyyətində olduqlarını təsdiqləmişlər. Tərəflər vurğulamışlar ki, danışıqlar bütün Xəzəryanı dövlətlərin irəli sürdükləri layihə və təkliflər nəzərə alınmaqla, konstruktiv ruhda keçmişdir.

Eyni zamanda, xüsusi işçi qrupunun növbəti iclasının vaxtı da razılaşdırılmışdır. Bu görüş sentyabrın 8-9-da Aşxabadda keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.