SİYASƏT


MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, yanvarın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklaxoma ştatı Milli Qvardiyasının adyutant-generalı general-mayor Harri Uayattın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə naziri bildirmişdir ki, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsi dayandırıldıqdan sonra bütün sahələrdə olduğu kimi, hərbi sahədə də Azərbaycan-ABŞ əməkdaşlığı sürətlə inkişaf etməkdədir. İndiki səfər isə iki dövlətin müdafiə nazirlikləri arasında yeni bir sahədə - mülki müdafiə istiqamətində əməkdaşlığa yol açır.

General H.Uayatt səmimi qəbul üçün təşəkkür edərək demişdir ki, mülki müdafiə hərbi hissələrində əsgərlərlə görüşüm zamanı onların fiziki cəhətdən sağlam və intizamlı olması məndə yüksək təəssürat yaratmışdır. Elə buna görə də təsadüfi deyildir ki, Azərbaycan Silahlı Qüvvələrinin Kosovo, Əfqanıstan və İraqda xidmət edən bölmələri yüksək göstəricilər əldə edirlər.

General-polkovnik S.Əbiyev xalqımızın müstəqillik uğrunda mübarizəsi və Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin kökləri və nəticələri, “Əsrin müqaviləsi”, “TRASEKA” və digər iqtisadi layihələrin həyata keçirilməsi, Azərbaycanın ABŞ və NATO ilə əməkdaşlığı, Avropanın təhlükəsizlik strukturlarına inteqrasiyası barədə qonaqlara məlumat vermişdir. Nazir demişdir: ”Bütün bunlar o deməkdir ki, Azərbaycan qərblə daha sıx bağlanır. Azərbaycan bu yolda təzyiqlərlə üzləşsə də müstəqillik yolu ilə inamla irəliləyir”.

General-mayor H.Uayatt demişdir: “Mən çox şadam ki, ABŞ-ın Oklaxoma ştatı Azərbaycanın tərəfdaşıdır. ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin Azərbaycana səfəri çox əhəmiyyətli idi. Bu, ABŞ-ın Azərbaycana nə qədər böyük əhəmiyyət verdiyinə sübutdur. Həmin səfər, eyni zamanda, ABŞ üçün də əhəmiyyətlidir”.

Müdafiə naziri qonaqlara Azərbaycanın tarixi, qədim mədəniyyəti, zəngin təbiəti və neft sənayesinin tarixi haqqında da məlumat verərək vurğulamışdır ki, bu gün Azərbaycanın əsas problemi işğal olunmuş torpaqları azad etmək və Ermənistan-Azərbaycan müharibəsini qurtarmaqdır. Ondan sonra Azərbaycan-ABŞ əməkdaşlığı daha da genişlənəcək və sıxlaşacaqdır.

General-mayor buna əminliyini söyləyərək demişdir ki, bu, mütləq olacaqdır. Sizin gözəl məmləkətiniz azad olmaya bilməz.

Görüşdə Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant Brendan Makalun iştirak etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.