REGİONLAR
Maarifləndirici tur-aksiya iştirakçıları arasında Füzuli və Yevlax məktəbliləri də var VİDEO
Füzuli, 16 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli rayonunun məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarına ekskursiya edəcəklər.
AZƏRTAC xəbər verir ki, noyabrın 16-da Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin yola salınması mərasimi keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Qəbələ-Şəki-Zaqatala zonası ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdəndir. Bu rayonlar həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, tarixi məkanları ilə tanınır, həm də öz mətbəxi, adət-ənənələri ilə fərqlənir. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf edib.
Horadiz şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Müşgünaz Abbaszadə AZƏRTAC-a müsahibəsində deyib: “Ölkəmizin hər bir guşəsini gəzmək mənim ən böyük arzumdur. Ekskursiyada iştirak etdiyimə görə çox sevinirəm. Xüsusilə də televiziyadan gördüyüm Şəki Xan sarayına, karvansaraylara, “Tufandağ” Xizəkçilik Kompleksinə səfəri səbirsizliklə gözləyirəm”.
Yağlıvənd kənd tam orta məktəbin şagirdi Elsevər Səfərov isə fikirlərini belə ifadə edib: “Bu gün biz ölkəmizin gözəl təbiəti, tarixi məkanları ilə fərqlənən bir bölgəsinə səfər edirik. Bu bölgə ilə bağlı eşitdiklərimizi, oxuduqlarımızı əyani şəkildə görəcəyik. İnanıram ki, ekskursiyadan çox şey öyrənəcəyik”.
Şagirdlər IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib, Heydər Əliyev parkında ağac əkib, Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola düşüblər.
X X X
Yevlax rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsinin görməli yerləri, təbiəti, tarixi abidələri, müasir inkişafı ilə tanış olacaqlar. Yevlax Şəhər İcra Hakimiyyətində tur-aksiyada iştirak edən məktəblilərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov maarifləndirici tur-aksiyanın əhəmiyyətini qeyd edərək, şagirdlərə səfərlərinin olduqca maraqlı keçəcəyini, ekskursiyadan çox şey öyrənəcəklərini deyib. Bildirilib ki, Lənkəran, Astara, Masallı rayonları sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağlarına, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.
Tədbirdə çıxış edənlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.
Tur-aksiya iştirakçıları Yevlax şəhərində IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasına qoşulub, həmişəyaşıl ağaclar əkib, Ulu Öndərin abidəsini ziyarət ediblər.
Sonra şagirdlər cənub bölgəsinə yola düşüblər.