REGİONLAR
“Maddi mədəni irsim Naxçıvan” adlı rəsm müsabiqəsinə yekun vurulub
Naxçıvan, 7 mart, AZƏRTAC
Naxçıvan Dövlət Rəsm Qalereyasında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında keçirilən “Maddi mədəni irsim Naxçıvan” rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Muxtar Respublikanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan müsabiqədə Şərur, Culfa, Şahbuz, Ordubad, Babək və Kəngərli rayonları təmsil olunub. Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.
Müsabiqədə birinci yerin qalibi Şərur rayon Maxta kənd mədəniyyət evinin rəsm dərnəyinin üzvü Okutan Murad olub. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Ordubad rayon Dırnıs kənd mədəniyyət evinin rəsm dərnəyinin üzvü Gülçin Cabbarlı və həmin rayonun mədəniyyət sarayının rəsm dərnəyinin üzvü Arif İbrahimov layiq görülüblər.
Sonda qaliblərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.