ELM VƏ TƏHSİL
“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 22 may AZƏRTAC
UNEC-də “Made in Azerbaijan 2019” biznes-ideya müsabiqəsinin final mərhələsi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə reallaşan müsabiqə Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində, eləcə də tələbələr arasında sahibkarlıq fəaliyyətinin təbliği məqsədilə təşkil edilib.
UNEC-dən AZƏRTAC-a verilən məlumata görə, “Made in Azerbaijan 2019” biznes-ideya müsabiqəsinə respublikanın universitetlərindən 40 layihə təqdim olunub. Biznes-ideyalar hazırlanarkən onların müvafiq Sərəncama və müsabiqənin missiyasına uyğunluğu, məhsul və xidmətin innovativliyi, texnoloji yeniliyi, layihənin daxili bazarda tətbiqinin reallığı, bazar və rəqabət imkanları, biznes modeli nəzərə alınıb. Ekspert şurası təqdim edilən biznes-ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.
Finala vəsiqə qazanan “ViewGo”, “Oyuncaqçı”, “Kitablı”, “One click-One hand” və “Bio Bone” layihələrinin ideya müəllifləri UNEC, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Xəzər Universitetinin tələbələridir.
Finalda çıxış edən komandaların təqdimatlarından sonra münsiflər heyəti biznes-ideyaların tətbiqinin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib.
Münsiflər heyətinin qərarı ilə “Kitablı” biznes-ideyası qalib olub. Layihənin məqsədi elektron vəsaitləri bir portlada toplamaq, müəyyən fənlər üzrə izahlı videobazaya sahib olmaq, tələbələrin çətinlik çəkdiyi testlərin müəllimlər tərəfindən izahlarını təqdim etməkdən ibarətdir. II yerə “ViewGo”, III yerə isə “Oyuncaqçı” biznes ideyası layiq görülüb.
Qaliblər müsabiqənin sponsoru “Kapital Bank” ASC tərəfindən mükafat qazanıb. Belə ki, I yerin sahibi 2000 manat, II yer 1500 manat, III yer 1000 manat mükafata sahib olub. Qalib komandalara, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən dəyərli hədiyyələr təqdim olunub.