SİYASƏT


Malayziya Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar qəbul edilən beynəlxalq sənədləri tam dəstəkləyir

Kuala Lumpur, 20 oktyabr, AZƏRTAC

Malayziya parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri, Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ronald Kiandee Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Milli Məclisinin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanova məktub ünvanlayıb.

Məktubda Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən qəbul olunmuş bütün qətnamələri tam dəstəklədiyi, bu mövqenin Malayziyanın məsələ ilə bağlı mövqeyinə uyğun olduğu qeyd edilib.

İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələri, eləcə də Xocalıda törədilmiş amansız qətliamın İƏT-in Xarici İşlər Nazirləri Şurası tərəfindən soyqırımı kimi tanınmasını qətiyyətlə dəstəklədikləri vurğulanıb.

2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunmuş, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən, Ermənistan silahlı birləşmələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən, hər hansı dövlətin Azərbaycan ərazilərinin işğalının davam etməsinə dəstək göstərməsinin qəbuledilməz olduğunu bəyan edən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin parlamentlərarası dostluq qrupu tərəfindən tam dəstəkləndiyi bildirilib.

Məktubun sonunda parlamentlərarası dostluq qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT və İƏT tərəfindən qəbul olunmuş bütün qətnamələri tam dəstəklədiyi bir daha vurğulanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.