DÜNYA
Malayziyada sabiq hakim blokun rəhbəri korrupsiya ittihamı ilə həbs edilib
Tokio, 19 oktyabr, AZƏRTAC
Malayziyada 60 ildən çox hakimiyyətdə olmuş Birləşmiş Malay Milli Təşkilatının hazırkı sədri Ahmad Zahid Hamidi Milli Antikorrupsiya Komissiyası tərəfindən oktyabrın 18-də həbs olunub.
AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, ona qarşı korrupsiya ittihamı irəli sürülüb.
İttihamçının bildirdiyinə görə, A.Z.Hamidin və həyat yoldaşının kredit kartları vasitəsilə edilmiş 190 min dollardan çox ödəniş “Akal Budi” sosial sığorta fondu tərəfindən bağlanıb. Həmin fondun A.Z.Hamidinin ailəsinə məxsus olduğu bildirilir.
Qəzet qeyd edir ki, 2018-ci ilin mayında keçirilən seçkilərdə məğlub olan müxalifət blokunun sədri son aylarda Antikorrupsiya Komissiyası tərəfindən hər dəfə səkkiz saat olmaqla altı dəfə dindirilib.
Oktyabrın 19-da Kuala Lumpur məhkəməsində A.Z.Hamidiyə qarşı ittiham irəli sürüləcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio