DÜNYA
Malta İtaliyadan boru kəməri ilə təbii qaz almaq niyyətindədir
Valetta, 17 fevral, AZƏRTAC
Malta İtaliyanın Siciliya bölgəsindən keçən təbii qaz boru kəmərindən “mavi yanacaq” almaq niyyətindədir. Maltanın boru kəmərinin inşasının maliyyələşdirilməsi üçün Avropa İttifaqına (Aİ) ünvanladığı müraciət isə cavabsız qalıb.
AZƏRTAC xəbər verir ki, təbii qazı maye qaz kimi (LNG) İtaliyadan irihəcmli gəmilərlə idxal edən Malta buna son qoymaq üçün 2019-cu ildə Aİ-nin CEF (Connecting Europe Facility) proqramı çərçivəsində 400 milyon avro almaq üçün müraciət etmiş, lakin həmin müraciət cavabsız qalmışdı. Hazırda hökumət apreldə yenidən baxılacaq layihələr sırasına sözügedən qaz boru kəmərinin çəkilişini də saldırmaq istəyir.
Malta və İtaliya hökumət başçılarının sonuncu açıqlamalarında isə belə bir boru kəmərinin 2024-cü ildə istifadəyə veriləcəyi bildirilmişdi. Boru kəməri karbon emissiyasının azaldılmasına da kömək edəcək. Çünki məqsəd 2050-ci ilədək qlobal miqyasda karbon emissiyasının ən az 50 faiz azaldılmasıdır.
Boru kəməri Maltanı Avropa enerji sistemi ilə birləşdirəcək. Ölkənin elektrik enerjisi şəbəkəsi 2015-ci ildə Siciliya vasitəsilə Avropaya sisteminə bağlanıb. Lakin Aİ-nin təbii qaz şəbəkələrindən kənarda qalmaq Maltanın enerji təhlükəsizliyinə təsir edir.
Bu həftə Aİ ombudsmanı yaşıl aktivistlərin yeni qaz infrastrukturunun CEF layihələri siyahısına daxil edilməsi barədə şikayət ərizəsindən sonra Avrokomissiyanın prioritet enerji layihələri kataloqu ilə bağlı araşdırmaya başlayıb. Avrokomissiya martın 31-dək ombudsmana qaz layihələrinin Aİ-nin ümumi maraq kəsb edən layihələr siyahısının xüsusi tənzimləməsinə daxil edilmiş meyarlara uyğun olub-olmadığını izah etməlidir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Valetta